Şriftin ölçüsü :

Saytın rəngi :

2017-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına dair hesabat yığıncağı keçirilib

07 fevral 2018 | 16:00

Fevralın 7-də Mingəçevir Dövlət Universitetinin akt zalında şəhər İcra Hakimiyyəti başçısının hesabatına həsr olunmuş Mingəçevir şəhər İcra Hakimiyyətinin başçısı yanında Şuranın geniş iclası keçirilmişdir. İclası şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov açaraq qeyd etdi ki, bu ilin yanvar ayının 10-da cənab prezident İlham Əliyevin sədrliyi ilə keçirilən Nazirlər Kabinetinin 2017-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında, həmçinin 29 yanvar tarixində keçirilən regionların 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramının icrasının dördüncü ilinin yekunlarına həsr olunan konfransda ölkədə bütün sahələrdə aparılan işlər müzakirə edilmiş, ölkəmizin sürətlə və uğurla inkişaf etdiyi qeyd olunmuşdur.
Cənab prezident çıxışlarında son 14 il ərzində Azərbaycanın böyük və şərəfli yol keçdiyini, dünyanın müxtəlif yerlərində risklərin, qanlı münaqişələrin geniş vüsət aldığı bir vaxtda xalqımızın sabitlik və təhlükəsizlik şəraitində yaşadığını vurğulamışdır. Qeyd olunmuşdur ki, 2017-ci ildə də əldə edilmiş nəticələr ölkəmizin ümumi inkişafına böyük töhfə vermişdir. Nəzərdə tutulan bütün sosial proqramlar icra edilmiş, aparılan islahatlar davam etdirilmişdir.

         2017-ci il Mingəçevir şəhəri üçün də uğurlu olmuşdur.
Bu günkü Şura iclasının keçirilməsində əsas məqsəd 2017-ci ildə görülmüş işlərə baxış keçirmək və cənab prezidentin 2018-ci ildə görüləcək işlər barədə verdiyi tapşırıqları müzakirə edərək qarşıda duran vəzifələri müəyyənləşdirməkdir.
Gündəlikdə 1 məsələ durur: "Mingəçevir şəhər İcra Hakimiyyəti başçısının  “Mingəçevir şəhərinin 2017-ci ildə sosial-iqtisadi inkişafının yekunları və 2018-ci ildə qarşıda duran vəzifələr”ə həsr edilmiş hesabatı."
Hesabata başlamamışdan əvvəl bildirirəm ki, Şuranın geniş iclasında Azərbaycan Respublikası Prezidenti Administrasiyasının məsul işçisi Vəfadar  Bağırov iştirak edir.
        Sonra iclasın reqlamenti müəyyənləşdirildi.
Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov hesabat məruzəsi ilə çıxış etdi.
      Məruzə ətrafında  çıxışlarda Maliyyə İdarəsinin rəisi Samir Məmmədov, Əhalinin Sosial Müdafiəsi Fondunun direktoru Emil İsmayılov, Məşğulluq Mərkəzinin direktoru Elçin Abdullayev, “Azərbaycan İES” MMC-nin direktoru Təhmasib Hüseynov, Sukanal idarəsinin rəisi Mustafa Kərimov, Mərkəzi Xəstəxananın Publik hüquqi şəxsin direktoru Könül Ələkbərov, Gənclər və İdman İdarəsinin rəisi Kamal Nəcəfli iştirak etdilər.
Çıxışlardan sonra zaldakı mikrafonlardan suallar və təkliflər səsləndi. Başlıca olaraq 2018-ci ildə istilik sistemlərinin qurulmasına, sənaye parkında işlərin gələcəkdə də davam etməsinə məktəblərdə və uşaq bağçalarında əsaslı-təmir işlərinin aparılmasına, su-kanalizasiya xətlərinin təmirdən sonra asfalt döşəmələrinin qoyulmasına, bir sıra yaşayış binalarında dam örtüklərinin dəyişdirilməsi məsələlərinə diqqət yetirildi. Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov suallara konkret cavablar verdi.
Azərbaycan Respublikası Prezidenti Administrasiyasının məsul işçisi Vəfadar Bağırov yığıncaqda geniş nitqlə çıxış etdi. O, Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin fəaliyyəti ilə bağlı məsələlərə toxunaraq qeyd etdi ki, 2017-ci ildə Azərbaycan Respublikasında bütün sahələr üzrə uğurlu yüksəliş ili olmuşdur. Bunun nəticəsidir ki, Davosda keçirilən forumda Azərbaycan dünya dövlətləri arasında iki pillə irəliləyərək 35-ci yerə çıxmışdır. Bakı-Tibilisi-Qars dəmiryolunun açılışına toxunan natiq bildirdi ki, bu məsələ dünya dövlətlərinin diqqət mərkəzinə çevrildiyindən bu layihədə iştirak üçün Azərbaycana çoxlu sayda təkliflər daxil olur. Dövlətimizə xarici ölkələrdən sərmayə qoyanların sayı durmadan artır. Azərbaycanda bununla yanaşı bir sıra iri layihələr həyata keçirilir, insanların həyat səviyyəsi durmadan yüksəlir. O, eyni zamanda sahibkarların fəaliyyətində toxunaraq dedi ki, cənab prezidentin bilavasitə dəstəyi ilə sahibkarlara külli miqdarda kreditlər ayrılır və onların fəaliyyətinin uzun müddətə yoxlanılması dayandırılıb. Yeni iş yerlərinin açılması məsələlərinə toxunan V.Bağırov qeyd etdi ki, il ərzində Mingəçevir şəhərində 882 yeni iş yeri açılmışdır. Şəhərin ötənilki hesabat dövrü ərzindəki fəaliyyətini qənaətbəxş hesab edən natiq Mingəçevirin daha böyük yüksəlişlərə çıxacağını əminliklə vurğuladı.
Yığıncaqda müzakirə olunan məsələyə dair qərar layihəsi və Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevə müraciət qəbul edildi. 
Sonda şəhər İcra Hakimiyyətinin başçısı cənab Niyazi Bayramov  yekun olaraq dedi: Biz bu gün şəhərdə 2017-ci ildə görülən işləri müzakirə etdik. 2018-ci ildə bizi gözləyən işlər haqqında danışdıq. Hesabatdan göründüyü kimi görülən işlərlə yanaşı hələ həllini gözləyən problemlər də qalmaqdadır. İşlərində nöqsanlar olan təşkilatların rəhbərlərindən tələb edirəm ki, qısa müddətdə qeyd edilən nöqsanları aradan qaldırsınlar və rəhbərlik etdikləri sahələrə nəzarəti gücləndirsinlər.
Bildiyiniz kimi cənab prezident İlham Əliyev Nazirlər Kabinetinin 2017-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında, həmçinin regionların 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramının icrasının dördüncü ilinin yekunlarına həsr olunan konfransda etdiyi yekun nitqində bu ilin sonunadək görüləcək işlərlə bağlı mühüm tapşırıqlar verdi. Verilmiş tapşırıqların icrası ilə əlaqədar hər bir sahə üzrə ciddi təhlillər aparılmalı, şəhərimizin inkişafına yönəldilmiş infrastruktur layihələri, eləcə də yeni iş yerlərinin yaradılması istiqamətində tədbirlər həyata keçirilməli, şəhərimizə özəl sərmayənin cəlb edilməsi üçün yerli və xarici iş adamları ilə təşfiq işləri gücləndirilməlidir. Bundan başqa dövlət proqramına uyğun olaraq şəhərdə aparılan içməli su və kanalizasiya xətlərinin çəkilişlərinin tamamlanması üçün zəruri köməklik göstərilməli və şəhərdə turizmin inkişafı ilə bağlı obyektlərin tikintisi üçün sahibkarlarla qarşılıqlı işlər gücləndirilməlidir. Bunun üçün bütün qurumlar, vəzifəli şəxslər öz məsuliyyətini dərk etməli və daha da səmərəli işləməliyik. Bu yolda hamınıza uğurlar arzulayıram.

 

 

 

 

 

 

 

 

 

 

Keçidlər