Şriftin ölçüsü :

Saytın rəngi :

Mingəçevir şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılov növbəti səyyari görüş keçirdi.

04 sentyabr 2019 | 16:00

Mingəçevir şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılovun sakinlərlə növbəti səyyar görüşü Vaqif Abdullayev küçəsində oldu. Sakinləri salamlayan şəhər rəhbəri ölkə prezidenti İlham Əliyevin tapşırığına əsasən şəhərimizin ayrı-ayrı məhəllələrində  keçirilən səyyar görüşlərin əsas məqsədinin insanları narahat edən problem və çətinlikləri üzə çıxarmaq olduğunu bildirdi. Qeyd etdi ki,  ölkə prezidenti İlham Əliyevin imzaladığı sərəncamlara əsasən əhalinin sosial-rifah halının yaxşılaşdırılması istiqamətində geniş işlər görülüb. Cari ilin əvvəlindən bəri pensiyaların artırılması, minimum əmək haqqının iki dəfə artırılması, şəhid ailələrinə birdəfəlik müavinətlərin verilməsi, qaçqın və məcburi köçkünlərə verilən müavinətlərin  artırılması, problemli kreditlərin həlli əhaliyə göstərilən diqqət və qayğının bariz nümunəsidir. Ötən illər ərzində regionların sosial–iqtisadi inkişafı Dövlət Proqramı çərçivəsində Mingəçevir şəhərində ardıcıl işlər görülüb. Çoxmərtəbəli binaların dam örtükləri əsaslı təmir edilib, parklar, xiyabanlar, istirahət bağları salınıb  və abadlaşdırılıb, bir çox binaların fasadları üzlənərək rənglənib. Şəhərdə 5, energetiklər qəsəbəsində 6 məhəllə tam abadlaşdırılaraq işıqlanma sistemi ilə təchiz edilib,  yaşıllıq sahələri genişlənib. Hazırda isə şəhərimizin giriş hissəsində 2 hektarlıq ərazidə istirahət parkının salınması, Dostluq parkında isə milli-mənəvi dəyərlərimizi əks etdirən parkın salınması işləri gedir.

   Görüşdə sakinlər çıxış edərək onları narahat edən əsas problemləri: istilik sisteminin və yaşıllığın qorunması üçün su xəttinin bərpa edilməsinin vacibliyini, binanın arxasına zibil tökülməsi və zirzəmilərin antisanitar vəziyyətdə olduğunu, yarımçıq qalmış binanın ətrafının kol-kosla dolu olmasını dilə gətirdilər.

   İcra başçısı İlham İsmayılov qaldırılan hər bir problemin tezliklə həll ediləcəyini bildirərək idarə və təşkilat rəhbərlərinə tapşırıqlarını verdi.

Keçidlər