Şriftin ölçüsü :

Saytın rəngi :

Mingəçevir Dövlət Universitetində bilik günü qeyd olundu.

16 sentyabr 2019 | 16:00

Ölkəmizin hər yerində olduğu kimi sentyabrın 16-da Mingəçevir Dövlət Universitetində də bilik günü qeyd olunub. Universitetin rektoru Şahin Bayramov 2019-2020-ci dərs ilinin başlanması münasibəti ilə professor-müəllim heyətini və tələbə adını qazanan birinci kurs tələbələrini təbrik etdi. Qeyd edildi ki, ümummilli lider Heydər Əliyevin rəhbərliyi ilə başlanan təhsil islahatları hazırda dövlətimizin başçısı İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Bu siyasətin nəticəsidir ki, təhsil sahəsində uğurlar əldə edilir, ali təhsilin məzmunu sürətlə dəyişir, inkişaf edir. Ali təhsilimizin inkişafı fonunda biz də Mingəçevir Dövlət Universiteti olaraq üzərimizə düşən vəzifələri layiqincə yerinə yetirmək üçün əlimizdən gələni edirik və bu prosesdə bütün professor müəllim heyətini və siz tələbələrimizin maksimum potensialındam istifadə etməyi düşünürük.
   Mingəçevir şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılov bildirdi ki, bu gün müstəqil Azərbaycanın hər yerində yeni tədris ilinin başlanması münasibətilə tədbirlər keçirilir. Bilirsiniz ki, ölkəmizdə təhsil islahatlarının formalaşması ulu öndər Heydər Əliyevin ikinci dəfə hakimiyyətə gəlişindən sonra başlamış və bu gün ölkə prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Azərbaycan iqtisadi cəhətdən güclənir, inkişaf edir. Hər sahədə olduğu kimi təhsil sahəsində də uğurlar bir-birini əvəz edir. Cənab prezidentimizin sərəncamları və tapşırıqlarına əsasən, həmçinin Birinci Vitse-Prezident, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın dəstəyi ilə ölkəmizdə yeni məktəblər inşa olunur, əsaslı təmir edilir. Siz gənclərin yüksək səviyyəli təhsil alması, vətənin ləyaqətli övladı kimi yetişməsi üçün gözəl şərait yaradılıb. Verilən məlumata görə bu il Mingəçevir məktəblərini bitirərək məzun olan gənclərin 120 nəfəri məhz Mingəçevir Dövlət Universitetini seçmişdir. Bu o deməkdir ki, MDU ölkəmizin ən yüksək təhsil ocaqları sırasındadır və bu əziz gün münasibətilə mən əziz tələbələr sizləri, valideynlərinizi, müəllimlərinizi ürəkdən təbrik edir və hər birinizə müvəffəqiyyətlər arzu edirəm.
  Mərasimdə iştirak edən Milli Məclisin deputatı Aydın Mirzəzadə universitetin rəhbərliyini, professor-müəllim və tələbə heyətini, xüsusilə birinci kurs tələbələrini, valideynləri təbrik edərək uğurlar arzuladı. Qeyd etdi ki, MDU-i Mingəçevir şəhəri üçün əhəmiyyətli bir təhsil ocağıdır. Bu ali təhsil müəssisəsində cəmiyyətimiz üçün faydalı mütəxəssislərin yetişməsi üçün zəruri potensial mövcuddur. Universitetin yüksək ixtisaslı kadr potensialına malik olan məzunları iqtisadiyyatın müxtəlif sahələrində, dövlət və özəl strukturlarda uğurla çalışırlar. Hazırda universitet yeni inkişaf mərhələsini yaşayır. Millət vəkili ölkə prezidenti İlham Əliyev tərəfindən həyata keçirilən təhsil islahatları sayəsində Azərbaycan təhsilinin xüsusilə inkişaf etdiyini vurğuladı.

   Tədbirin sonunda birinci kurs tələbələrinə tələbə biletləri təqdim edildi. Tələbə biletlərini universitetin prorektoru Akif Hacıyev, İcra başçısı İlham İsmayılov, Millət vəkili Aydın Mirzəzadə, rektor Şahin Bayramov təqdim etdilər.

Keçidlər