Şriftin ölçüsü :

Saytın rəngi :

Mingəçevirdə 20 Yanvar faciəsinə həsr edilmiş tələbə-şagird konfransı keçirilib.

17 yanvar 2020 | 16:00

2020-ci ilin 17 yanvar tarixində Mingəçevir Dövlət Universiteti, Mingəçevir şəhər Təhsil Şöbəsi və Mingəçevir şəhər Texniki-humanitar liseyin birgə təşkilatçılığı ilə 20 Yanvar faciəsinin 30-cu ildönümünə həsr olunan “20 Yanvar faciəsinin səbəb və nəticələri” mövzusunda elmi-praktiki konfrans keçirilib.
   Konfransı açan Mingəçevir şəhər Texniki-humanitar liseyin direktoru Nailə Məmmədova, Mingəçevir Dövlət Universitetinin rektoru Şahin Bayramov və Mingəçevir şəhər Təhsil Şöbəsinin müdiri Sahib Məmmədov 20 Yanvar faciəsinin 30-cu ildönümünə həsr olunan birgə silsilə tədbirlərin tələbə və şagirdlərin Azərbaycanın yeni tarixini öyrənməsi və onların vətənpərvərlik ruhunda tərbiyə olunması baxımından vacib əhəmiyyət daşıdığını  bildiriblər.
   MDU-nun və THL-in müəllimlərinin elmi rəhbərliyi ilə hazırlanmış məruzələrdə 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə Bakıda sovet ordusu tərəfindən dinc əhaliyə qarşı kütləvi qırğın törədilməsi və nəticədə 134 nəfər soydaşımızın amansızcasına qətlə yetirilməsi, 700-dən çox adamın yaralanması, 321 nəfərin itkin düşməsi, yüzlərlə insanın həbs edilməsi faktları konfrans iştirakçılarının diqqətinə çatdırılıb. Məruzəçilər bu qanlı hadisənin törədilməsində əsas məqsədin xalqımızın milli azadlıq iradəsini qırmaq və istiqlaliyyət arzusunu tankların tırtılları altında əzməkdən ibarət olduğunu bildiriblər. 20 Yanvar hadisələrini xalqımızın qəhrəmanlıq səlnaməsi kimi xarakterizə edən tələbə və şagirdlər bu faciəyə hüquqi-siyasi qiymətin ümummilli liderimiz Heydər Əliyev tərəfindən verildiyini xüsusi vurğulayıblar.

   Müzakirələrlə davam edən elmi-praktiki konfransın sonunda tələbə və şagirdlərə sertifikatlar təqdim edilib.

Keçidlər