Şriftin ölçüsü :

Saytın rəngi :

Prezident İlham Əliyev:”Azərbaycan və Rusiya çoxəsrlik dostluq, əməkdaşlıq, qarşılıqlı anlaşma telləri ilə bağlıdırlar”

17 oktyabr 2020 | 16:00

Azərbaycan torpaqlarının 20 faizinin ötən əsrin sonlarında ermənilər tərəfindən işğal edilməsini bütün dünyü dövlətləri bilir. O zaman müstəqilliyi yenicə əldə etmiş və böhran, müharibə vəziyyətində olan Azərbaycanın informasiya məkanı açıq deyildi. O illərdə azərbaycanlılar erməni təcavüzü, terroru ilə on dəfələrlə üz-üzə gəlmiş, yüzlərlə insan həlak olmuş, yaralanmış və yaxud da əsir düşmüşdü. 

Ötən illər ərzində Azərbaycan həqiqətlərinin dünyaya çatdırılması, ermənilərin təcavüzkar olması ilə bağlı Azərbaycan dövləti, ictimaiyyət nümayəndələri, Azərbaycan diasporu geniş təbliğat aparmış, reallığın aydınlaşmasına nail olmuşdur. 1994-cü ildə ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə atəşkəs əldə edilib, lakin aradan keçən 16 il ərzində erməni şovinistləri, separatçılar dayanmadan Azərbaycanın sərhəd bölgələrini atəşə tutmaqla mülki insanları belə öldürmüşlər. Erməni qaniçəndir, zalımdır, eyni zamanda qorxaqdır, başqasının arxasında gizlənməyi yaxşı bacarır.
      Bu il sentyabdır 27-də ermənilərin torpaqlarımızı müxtəlif istiqamətlərdə atəşə tutmasına adekvat cavab verən Azərbaycanın Milli Ordusu onları susdurmaqla bütün dünyaya öz gücünü göstərdi. Azərbaycanın Şanlı Ordusu düyanın ermənipərəst dövlətlərinə göstərdi ki, Azərbaycan xalqı, Milli Ordumuz təkbaşına düşməni geri oturtmaq gücündədir. Otuz ilə yaxın dövrdə etdikləri azmış kimi, Ermənistanın müdafiə naziri deyirdi ki, Ermənistan yeni ərazilər üçün yeni müharibəyə hazırlaşır. Azərbaycana daim hədələr və təhqirlər səslənirdi, nəticəsi də bax bu cür qarşıdurma oldu. Vətən uğrunda müharibənin getdiyi bu günlərdə dünyanın bütün dövlətlərinin diqqəti Azərbaycana yönəlib. Bəzilıəri səmimidir, bəziləri isə ikili mövqe nümayiş etdirir. Ermənipərəst dövlətlərin rəhbərləri Azərbaycan həqiqətlərini bilsələr də vəziyyətə yenə biganə münasibət göstərirlər. Ayrı-ayrı informasiya agentliklərinin nümayəndələrinin Azərbaycan Prezidenti İlham Əliyevdəm müsahibə alaraq gerçəkləri dünyaya çatdırması təbii ki, Azərbaycanın xeyrinədir. Çünki, indi Azərbaycan informasiya məkanında öz sözünü diyir, dünya ictimaiyyəti reallıqları görür. Bu günlərdə Prezident İlham Əliyev Rusiyanın RiaNovosti agentliyi üçün “Rossiya Seqodnya Beynəlxalq İnformasiya Agentliyi” media qrupuna verdiyi müsahibədə ötən illərdə ermənilərin etdikləri təcavüzlərdən bəhe etmiş, sentyabrın 27-dən bu günə qədər düşmənin törətdiyi vəhşilikləri, soyqırımlardan danışmaqla Azərbaycan xalqının Vətən uğrunda mübarizə apardığını bəyan edib.
      Həmişəki kimi, hərbi əməliyyatlara Ermənistan başlayıb. Sentyabrın 27-də Azərbaycan Ermənistan silahlı qüvvələrinin növbəti hücumuna məruz qalıb. Bu, son üç ay ərzində birinci hücum deyildi. İyul ayında dövlət sərhədində buna bənzər, lakin nisbətən kiçik miqyaslı hadisə baş vermişdi. O vaxt həmin hücum dəf edildi. Sonra avqust ayında Azərbaycanın dinc əhalisinə və hərbi qulluqçularına qarşı terror aktları törətmək üçün Ermənistan tərəfindən təxribat qrupu göndərildi və bu qrupun başçısı saxlanıldı.
Ermənistan dinc əhaliyə qarşı terror törətməsindən danışan dövlətimizin başçısı bildirib ki, bu günə qədər dinc əhali arasında 43 nəfər həlak olub və 200-dən çox yaralı var. Təmas xəttinə yaxın kəndlərdə və şəhərlərdə 2 minə yaxın ev ya tamamilə dağıdılıb, ya da zərər çəkib. Təəssüf ki, atəşkəs parametrləri razılaşdırıldıqdan sonra da Ermənistan tərəfindən artilleriya atəşləri davam edir, o cümlədən Gəncə şəhərinin vəhşicəsinə bombardman edilməsi nəticəsində 10 nəfər dinc sakin həlak olub və 40-a yaxın adam yaralanıb.
Döyüşlərdə Azərbaycan vətəndaşları cəsarətlə, vətənpərvərliklə döyüşür, düşmıni geri oturtmaq üçün ölümdən qorxmur. Lakin ermənilər qorxaraq geri qaçır, işğal etdikləri torpaqları geri qaytarmaq istəmirlər.  Zaman Azərbaycanın xeyrinə işləyir. Ermənistan ordusunun itkiləri çoxdur. Müharibədə itki olur, həyəcan, qorxu da həmçinin,  bunların  sonu isə qələbədir. Döyüş meydanında itkilərə gəldikdə erməni tərəfin itkiləri Azərbaycanın itkilərindən xeyli çoxdur. Azərbaycan hərbi qulluqçular arasındakı itkiləri münaqişənin qaynar fazası başa çatandan sonra elan edəcək.
     Bu gün torpaqlarımızın azad edilməsi uğrunda aparılan hərbi əməliyyatlar uğurla davam edir. bununla bağlı Prezidentimiz bildirib ki, “Döyüş əməliyyatlarının nəticələri Azərbaycan Ordusu üçün çox uğurludur. Ordu düşmənin dərin eşelonlaşdırılmış müdafiə xəttini yarmağa nail oldu. Cəbrayıl şəhəri və Cəbrayıl rayonunun kəndlərinin çox hissəsi, Füzuli rayonunun kəndlərinin əksəriyyəti, strateji əhəmiyyətli Suqovuşan qəsəbəsi işğaldan azad edilib. İşğalçılar Murovdağ silsiləsindəki strateji yüksəkliklərdən çıxarılıb və ölkənin ərazi bütövlüyünün bərpası üzrə uğurlu əməliyyat davam edir”.
Azərbaycan torpaqlarını yalnız Azərbaycan vətəndaşları azad edir, döyüşlərdə  xaricdən gələn muzdlular yoxdur. Çünki, biz azərbaycanlılar Vətənimizi ürəkdən sevirik, onun bir qarış torpağının belə düşməndə qalmasına yol vermərik. Məhz bu amalla döyüşlərdə gecə-gündüz rəşadət göstərən eloğullarına Allah güc , qüvvət versin, düşmən məkrindən  qorusun. Bununla bağlı müsahibəsində dövlətimizin başçısı belə deyib: “Azərbaycanda hər hansı xarici hərbi iştiraka ehtiyac yoxdur. Orduda 100 mindən çox döyüşçü var. Zərurət yaranarsa, səfərbərlik hesabına bu rəqəm bir neçə dəfə artırıla bilər. Bu gün şanlı Azərbaycan Ordusu qarşısına qoyulan istənilən vəzifəni yerinə yetirməyə tam qadirdir. Erməni hərbi texnikasının məhv edilməsi kadrları internetdə əlçatandır. Əlbəttə, heç bir muzdlunun bu dərəcədə ixtisası və belə texniki imkanları yoxdur”.
     Azərbaycan heç bir zaman müharibə tərəfdarı olmayıb, torpaqlarımızın sülh yoli ilə geri qaytarılması istiqamətindəki danışıqların bəhrəsiz olduğunu görən Azərbaycan xalqı düşmənə elə özlərinin istədiyi kimi, müharibə yolu ilə qalib gəlməyin zəruri olduğunu görərək döyüş bölgələrinə könüllü getməyə başladılar. Azərbaycan Ordusu ötən illər ərzində güclənib, təlimlər keçib və düşməndən çox-çox üstündür.  Azərbaycan təkcə pilotsuz zərbə uçuş aparatları vasitəsilə düşmənin 1 milyard dollardan artıq dəyərində hərbi texnikasını məhv edib. Buraya başqa vasitələr daxil deyil. Azərbaycan Ordusunun potensialı məlumdur. Azərbaycanın nəyə malik olduğu heç kəs üçün sirr deyil. Buna görə əlavə hərbi qüvvələrə ehtiyac yoxdur.
Ermənistanla Azərbaycanı müqayisə etmək mümkün deyil, çünki Azərbaycan prinsiplərə sadiqdir, ermənistan isə riyakardır, hiyləgərdir. Minsk qrupu çərçivəsində əldə edilən prinsiplər uzun illər ərzində işlənib hazırlanıb. Azərbaycan Ermənistanın əvvəlki rəhbərliyi ilə iş prosesində mövqelərin razılaşdırılması istiqamətində çox fəal irəliləyirdi. Bu, çox mürəkkəb məsələ idi. Danışıqlar istənilən halda, xüsusən belə mühüm məsələdə mürəkkəb prosesdir. Buna baxmayaraq, hər iki tərəf siyasi nizamlama yolu ilə getmək arzusu nümayiş etdirirdi;
Paşinyan siyasətdən uzaq bir qaniçəndir. Bu adamın məqsədi, istəyi məlumdur, dinc vətəndaşları öldürmək, ziyan vurmaq, evləri, ərazilər dağıdaraq gərginliyi artıqmaq. Bu məqsədlə o əldə edilən prinsipləri qəbul etmədi, deyən prezidentimiz vurğulayıb ki, Ermənistanın indiki rəhbərliyi hakimiyyətə gələndən sonra erməni tərəfi o vaxta qədər əldə edilənlərin hamısını sadəcə kənara atdı. Üstəlik, danışıqların formatını dəyişməyə, qondarma “Dağlıq Qarabağ Respublikası”nı danışıqlara cəlb etməyə cəhd göstərdi. Bu cəhd Azərbaycan və ATƏT-in Minsk qrupunun həmsədrləri tərəfindən rədd edildi.
   “İşğal altındakı torpaqlarımız geri qaytarılmalıdır”, bu bütün Azərbaycan xalqının tələbidir və prezidentimiz bütün müsahibələrində bu fikirləri dönə-dönə təkrar edir: “Azərbaycanın işğal edilmiş rayonlarının mərhələli şəkildə azad olunması nəzərdə tutulur. Birinci mərhələdə işğal edilmiş ərazilərin cənub-şərq hissəsindəki 5 rayon, ikinci mərhələdə Dağlıq Qarabağ ilə Ermənistan arasında yerləşən ərazilər - Laçın və Kəlbəcər rayonları işğaldan azad edilməli, bütün kommunikasiyalar, o cümlədən Ermənistan-Azərbaycan sərhədinin digər hissələrində yerləşən kommunikasiyalar açılmalı, qaçqınlar və məcburi köçkünlər əvvəlki yaşayış yerlərinə qaytarılmalıdır”.
Azərbaycanlı köçkünlərin həm Şuşa ərazisinə, həm də keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin digər rayonlarının ərazisinə qaytarılmalıdır. Və qayıdacaqlar. Ordumuzun şanlı qələbələri bunu deməyə əsas bverir. Hər gün yeni-yeni torpaqların azad edilməsi xəbərini xalqa sevinclə çatdıran İlham Əliyev insanların ruh yüksəkliyinin artmasını təmin edir, qələbənin çox yaxında olduğunu bəyan edir. Xalqın gücünə arxalanan, döyüşçülərə mübarizə əzmi verən dövlətimizin başçısının qətiyyətlə torpaqlarımızı geri almaq amalı  nəhayət gerçəkləşir.
BMT TŞ-nin qətnamələri yerinə yetirilməlidir və ermənilər işğalçılıq planlarına son qoymalıdırlar. Çünki, Azərbaycanın mövqeyi həmişə çox konstruktiv və ardıcıl olub. Bu mövqe həm də BMT Təhlükəsizlik Şurasının qəbul etdiyi, Ermənistan qüvvələrinin Azərbaycan ərazilərdən dərhal, tamamilə və qeyd-şərtsiz çıxarılmasını tələb edən 4 qətnamənin yerinə yetirilməsi baxımından beynəlxalq hüququn normalarına əsaslanıb. Azərbaycanın mövqeyi həmişə praqmatik yanaşmaya əsaslanıb. Danışıqlar masası üzərində olan variantlar bunu aşkar göstərir.
Azərbaycan işğalçıya qarşı Vətən müharibəsi aparır, torpaqlarını azad edir.  İlham Əliyev: “Azərbaycan xalqı üçün bu müharibə azadlıq müharibəsi, Ermənistan üçün isə işğalçılıq müharibəsidir. Heç kəs üçün gizli deyil və bu faktı artıq beynəlxalq vasitəçilər də bilir ki, qondarma “Dağlıq Qarabağ ordusu” yoxdur. Bu gün Qarabağdakı hərbi qulluqçuların 90 faizi Ermənistan vətəndaşıdır. Onlar hərbi xidmətə Ermənistanın hərbi komissarlıqları tərəfindən çağırılır və Azərbaycanın işğal edilmiş ərazilərinə  Ağdama, Füzuliyə, Cəbrayıla, Kəlbəcərə, Qubadlıya, Laçına, Zəngilana göndərilir”.
Prezident İlham Əliyevin əsas amalı Azərbaycan xalqının etimadını doğrultmaq, bu vəzifədə olduğu bütün illər ərzində verdiyi vədləri yerinə yetirmək və ölkəni inkişaf yolu ilə aparmaq, onun ərazi bütövlüyünü təmin etməkdir. Azərbaycan xalqının iradəsi Prezident İlham Əliyevin bu uğurlu siyasətinə şübhəsiz yüksək dəyər verir və verəcəkdir.
Müsahibə zamanı dövlətimizin başçısı vurğulayıb ki, “Qırmızı xətlərə” gəldikdə isə Azərbaycan çox dəqiq bəyan edib və Minsk qrupunun həmsədrləri bunu yaxşı bilirlər. Azərbaycanın ərazi bütövlüyü heç bir şərtlə pozula bilməz. Azərbaycan Dağlıq Qarabağın müstəqilliyinə heç bir şərtlə razılıq verməyəcək”.
Tarixə nəzər saldıqda görürük ki, Kürəkçay müqaviləsində ermənilərin adı keçmir. Hamımız bilirik ki,  XIX əsrin əvvəlində Qarabağ və Şuşa xanı İbrahimxəlil Qarabağ xanlığının Rusiyanın tərkibinə daxil olması barədə general Sisiyanovun şəxsində çar Rusiyası ilə müqavilə bağlayıb. Kürəkçay müqaviləsi adlanan bu sənədin mətni internetdə yerləşdirilib. Onunla hər kəs tanış ola bilər. Bu müqavilədə Qarabağ xanlığının erməni əhalisi barədə bircə kəlmə də deyilməyib. Erməni əhalisinin bu regiona kütləvi şəkildə köçürülməsi 1813-cü və 1828-ci illərdə iki Rusiya-İran müharibəsindən sonra başlanıb və o vaxtdan müasir İran ərazisindən və qismən Şərqi Anadoludan ermənilərin Qarabağ regionuna kütləvi şəkildə köçürülməsi başlanıb.
1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyəti və müstəqil erməni dövləti yaradıldı. Azərbaycan Xalq Cümhuriyyəti onun yaradılmasının elan edilməsinin ertəsi günü İrəvan şəhərinin paytaxt kimi Ermənistana verilməsi barədə qərar qəbul etdi. Bu da tarixi faktdır. 1921-ci ildə Qafqaz Bürosu Dağlıq Qarabağın, bəzi yalançı tarixçilərin dedikləri kimi Azərbaycana verilməsi haqqında deyil, onun Azərbaycanın tərkibində saxlanılması haqqında qərar qəbul etdi.
Prezidentimiz in bu fikirləri də ürəyimizdən xəbər verir: “Bu tarixi faktları Rusiya ictimaiyyətinin diqqətinə çatdırmaq lazımdır ki, Azərbaycan və Rusiya çoxəsrlik dostluq, əməkdaşlıq, qarşılıqlı anlaşma telləri ilə bağlıdırlar. Heç bir qüvvə buna təsir göstərə bilməz. Doğrudur, müxtəlif istiqamətlərdən nifaq salmaq, müəyyən etimadsızlıq yaratmaq cəhdləri var. Lakin Rusiya və Azərbaycan rəhbərliyinin ardıcıl siyasəti sayəsində münasibətlər nəinki geriləmir, irəliyə gedir. Bu gün Rusiya və Azərbaycan bir-birini strateji tərəfdaşlar adlandırırlar”.
Dünya dövlətləri yaxşı bilir ki, Dağlıq Qarabağ Azərbaycanın əzəli əbədi  torpağıdır və Azərbaycanın ərazi bütövlüyünü heç kim poza bilməz.
Qarabağ Azərbaycandır!

Veysəl Əyyubov
İqtisad elmlər doktoru, professor

 

Keçidlər