Şriftin ölçüsü :

Saytın rəngi :

Ümummilli lider Heydər Əliyevin anadan olmasının 98-ci ildönümü münasibətilə Mingəçevir şəhər İcra Hakimiyyəti və YAP şəhər təşkilatı birgə elmi-nəzəri videokonfrans keçirilib.

08 may 2021 | 16:00

Elmi-nəzəri konfransı Mingəçevir şəhər İcra Hakimiyyətinin başçısı  İlham İsmayılov açaraq qeyd edib ki, may ayının 10-u müasir Azərbaycan dövlətinin formalaşdırılmasında müstəsna xidmətləri olan ümummilli lider Heydər Əliyevin anadan olduğu gündür: “Bildiyiniz kimi, hakimiyyətdə olduğu bütün dövrlərdə Heydər Əliyevin rəhbərliyi və  bilavasitə  təşkilatçılığı ilə ölkəmizdə geniş tikinti, quruculuq işləri həyata keçirilərək  Azərbaycan inkişaf etmiş bir respublikaya çevrilmişdir. 1969-1982-ci illərdə Azərbaycana rəhbərliyi dövründə respublikamızın keçdiyi inkişaf və tərəqqi dövrü müqayisəyəgəlməz rəqəmlərlə xarakterizə edilir. Ulu öndər Heydər Əliyevin 1993-cü ildə Azərbaycan rəhbərliyinə qayıdışı ilə ölkənin ictimai siyasi, sosial, iqtisadi, elmi-mədəni həyatında, beynəlxalq əlaqələrində əsaslı dönüş yarandı. Müstəqil dövlət quruculuğu  prosesi başlandı, Milli Ordu formalaşdı, torpaqlarımızın müdafiə olunması ilə bağlı mühüm addımlar atıldı. Bir sözlə, Azərbaycanın dövlət müstəqilliyi qorunub saxlanıldı, möhkəmləndirildi və əbədiləşdirildi.

Bu gün hamımız üçün sevindirici haldır ki, ulu öndər Heydər Əliyevin başladığı işlər  onun siyasi kursunun layiqli davamçısı möhtərəm Prezidentimiz İlham Əliyev tərəfindən böyük qətiyyət və cəsarətlə davam etdirilir.”

İcra başçısını fikrincə, bu gün də, dünən də əldə edilən nailiyyətlər Ulu Öndərin siyasətinin davamlı  nəticələridir: “Onun şah əsəri olan müasir Azərbaycan etibarlı əllərdədir. Ümidlə deyə bilərəm ki, bu gündən sonra da Heydər Əliyev ideyaları daimi yaşayacaq və yeni-yeni zəfərlər qazanacaqdır.”

Daha sonra o deyib: “Bu il koronavirus pandemiyası ilə əlaqədar şəhərimizdə geniş kütləvi tədbirlər həyata keçirə bilmədik. Ancaq bu gün YAP Şəhər Təşkilatı  ilə qərarlaşdıraraq belə bir videokonfrans  keçiririk. Ulu öndərin anadan olmasının 98-ci illiyinə həsr edilmiş videokonfransın adı “Heydər Əliyev – Azərbaycan tarixində adı əbədiləşən tarixi şəxsiyyət”dir.
Konfransın proqramına uyğun olaraq çıxışlar dinlənilib. Belə ki,
YAP Mingəçevir şəhər Təşkilatının sədri Cavanşir Yusubov, Təhsil şöbəsinin müdiri vəzifəsini icra edən Zamik Cəbiyev, Mingəçevir Dövlət Universitetin baş müəllimi, filologiya üzrə fəlsəfə doktoru Günel Yunusova, YAP şəhər təşkilatının Şura üzvü Ruhiyyə Hüseynova çıxış edərək Ulu Öndərin həyat və fəaliyyətinin müxtəlif aspektlərindən ətraflı söz açıblar.

Konfransın işinə yekun vuran şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılov qeyd edib ki,   Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin  rəhbərliyi altında  ötən il 30 ilə yaxın bir müddətdə işğal altında olan torpaqlarımız Şanlı ordumuzun qalibiyyəti ilə azad olundu, sərhədlərimiz bərpa edildi: “2020-ci il Azərbaycan tarixinə Zəfər ili kimi daxil oldu. 44 gün davam edən müharibədə Füzuli, Cəbrayıl, Zəngilan, Qubadlı, Şuşa, Ağdam, Kəlbəcər, Laçın rayonları, Xocavənd və Xocalı rayonlarının bir hissəsi azad olundu. Xocalı, Xankəndi şəhərləri, Xocavənd və Ağdərə rayonlarının bir hissəsi hazırda sülhməramlı qüvvələrin nəzarətindədir. Orada vaxtilə yaşayan soydaşlarımızın həmin ərazilərə qaytarılması üçün işlər gedir. Əminəm ki, ölkə Prezidenti cənab İlham Əliyevin apardığı diplomatik danışıqlar nəticəsində soydaşlarımız öz doğma yurdlarına qayıdacaqlar. İşğal olunmuş ərazilərdə bərpa işlərinə start verilmişdir.”
 

 

 

Keçidlər