Şriftin ölçüsü :

Saytın rəngi :

Tarixi

Mingəçevir ərazisi yaşayış məntəqəsi kimi çox-çox qədimdir. 5 min il bundan əvvəl Mingəçevirdə kiçik şəhər kimi qaynar həyat mövcud olmuşdur. Yerli əhali əkinçilik, sənətkarlıq, balıqçılıq, atçılıq və s. sahələrlə məşğul olaraq özlərinin maddi və mənəvi aləmini yaratmışlar. Sonrakı minilliklərdə, xüsusilə antik dövrdə də ulularımız özlərinin alban tarixi və mədəniyyətini, ədəbiyyatını yaratmışlar. Bu baxımdan Mingəçevirdə tapılan maddi-mədəniyyət qalıqlarından alban yazıları və kitabə (Mingəçevir - Sudağılan epitafiyası) böyük əhəmiyyət daşıyır. İlk dəfə burada 1871-ci ildə həvəskar arxeoloq F.S.Bayer tərəfindən səthi tədqiqat işləri aparılmış, o, Mingəçeviri dirəklər üzərində qurulmuş şəhər kimi təsvir etmişdir. Bundan sonra Mingəçevir uzun illər arxeloqların diqqət mərkəzində olmamışdır. Yalnız 1935-ci ildə professor Y.A.Paxomovun rəhbərliyi altında qazıntılara başlanmış, iki qədim yaşayış məskəni və müxtəlif qəbir növləri aşkar edilmişdir.
Mingəçevir ərazisinin sistemli və planlı tədqiqi Böyük Vətən Müharibəsindən sonra burada Su-elektrik stansiyasının tikintisi ilə əlaqədar Respublika EA-nın Rəyasət Heyətinin qərarı ilə 1946-53-cü illərdə mərhum tarixçi-alim S.M.Qazıyevin rəhbərliyi altında Boz dağ silsiləsinin cənubunda, Kür çayının hər iki sahilində aparılmış və daha 2 yaşayış yeri və 4 böyük qəbristanlıq aşkar edilmişdir ki, bu da cənubi Qafqazda ən iri arxeloji kompleksdir. Arxeoloji qazıntılar zamanı eneolit dövründən başlayaraq (b.e.ə. III minillikdən XVII əsrədək) ayrı-ayrı tarixi dövrləri özündə ardıcıl əks etdirən 20 mindən artıq, (bəzi mənbələrdə 40 min) maddi-mədəniyyət nümunələri tapılmışdır. Bunların arasında torpaq, kurqan, katakomba və küp qəbirləri, istehsal vasitələri, məişət və bəzək əşyaları, pul sikkələri, tuncdan düzəldilmiş müxtəlif silah növləri, ticarət mübadiləsi yolu ilə uzaq ölkələrdən gətirilmiş məmulatlar və s. olmuşdur. Mingəçevir şəhər kimi orta əsrlərdə daha da inkişaf etmişdir. XVII-əsr türk səyyahı Evliyya Çələbi "Səyahətnamə"sində Mingəçevir haqqında məlumat verərkən, onu Kür çayının sağ sahilində Boz dağın yaxınlığında yerləşən böyük yaşayış məntəqəsi kimi adını çəkir və burada ipək istehsal edən emalatxanalar, sənətkarlıq məhəllələri, mədrəsə və məscidlərin olduğundan xəbər verir. Mingəçevir Alban dövlətinin inkişaf etdiyi dövrlərdə ən mədəni bir mərkəz kimi tanınmışdır.
    Qədim Mingəçevir İpək yolunun aparıcı qollarından biri olmaqla minilliklər boyu Kür çayı vasitəsilə qayıqlarla Gürcüstana, oradan Rioni çayı ilə Qara dəniz sahil şəhərlərinə müxtəlif çeşidli mallar daşınmışdır. Eləcə də, yaxın Şərq ölkələrinə, Azərbaycanın qədim şəhərlərinə mühüm karvan ticarət yolu buradan keçmişdir.
     Arxeoloji qazıntılar zamanı bəzəkli şüşə məmulatları, qızıl və gümüşdən qablar, bəzək əşyaları, bir sıra qədim Şərq ölkələrinin sikkələrinin tapılması Mingəçevirin ticarət, sənətkarlıq, mədəni əlaqələrinin yüksək səviyyədə olmasından xəbər verir. Böyük ticarət yolu üzərində yerləşən Mingəçevir Kür çayında ən münasib keçid kimi XVIII-XIX əsrlərdə, hətta XX əsrin əvvəllərində öz əhəmiyyətini itirməmişdir.
    Qədim Mingəçevirlə bağlı faktlara Plutarxın, Strabonun, Ptolomeyin və başqa dünya şöhrətli tarixçi, coğrafiyaşünasların əsərlərində də rast gəlmək olur.
     "Mingəçevir" toponiminin necə yaranması barədə müxtəlif ehtimallar mövcuddur. Burada e.ə. I əsrdə məşhur Roma sərkərdəsi Pompey və alban çarı Oris arasında döyüş olmuşdur. Tarixçilərin təsvirinə görə albanlar məhz müasir bəndin ərazisində Pompeyin qoşunlarını gözləmişlər. Bu, payızda Kürün suyunun az olması ilə əlaqədar olmuşdur. Oroys ordusunun bir hissəsini ayrı-ayrı manqalara (manqaça) bölüb, ehtiyatda saxlamış və lazım gəldikdə “manqaçı vur” sözləri ilə əmr etmişdir.
     “Mingəçevir” toponiminin meydana gəlməsində ərəblərin Azərbaycanda olmalarının da müəyyən təsiri olmuşdur. Elxanilər hərəkatının yatırılması üçün Azərbaycana göndərilmiş ərəb sərkədəsi Məniçöhrün qızı döyüşlərin birində həlak olur. və atası onu yadigar qılıncı və atı ilə birlikdə Kürün sahilində dəfn edir. Ehtimal olunur ki, “Mingəçevir” sözü Məniçöhrün adı ilə bağlıdır.
     Mərhum akademik Z.Bünyadov “Mingəçevir” sözünü 839-cu ildə xilafətə qarşı çıxmış Babək üsyanını yatırtmaq üçün Azərbaycana göndərilmiş ərəb sərkədəsi Mingincəvr Əl-Fərqaninin adı ilə bağlayır.
     Ehtimallardan biri də toponimin “Min, gəl,çevril” olmuşdur. Şəhər gözəl olsa da, burada yaşamaq qorxulu olub. Ərazinin seysmik zonada olması, gur və sərt axan Kür çayının tez-tez məcrasından çıxması böyük tələfatlar törədib. (“Qayığa min, gəl, amma burada yaşama, çevril get”).
      Professor T.Hacıyev Azərbaycanın qədim dövləti Midiyanın Mannanın xarabalıqları üzərində, məhz onun əsasında yarandığını qeyd edir. Müvafiq coğrafi koordinatlarda yerləşən dövlətlərin arasında birbaşa tarixi-mədəni-siyasi əlaqə olmuş, yəni Midiyanın Mannaya münasibətində hər cəhətdən varislik bağlılığı mövcuddur. Midiya tayfa ittifaqlarından biri “mak”lardır. “Mak”lar və “manna”lar (mannanılar) etnik və leksik cəhətdən bir-birinin eynidir. “Manna” sözü tarixi mənbələrdə müxtəlif variantlarda oxunur: Manna, Mannay, Mi nni, Mannas.
      Görkəmli alim İ.Əliyev qədim alban tayfalarından söz açarkən “mik” tayfasının adını çəkir və bildirir ki, bu tayfa Muğana yaxın torpaqlarda yaşamışdır.
T.Hacıyevin fikrincə albanların mik tayfası qədim mak (manq-manna) tayfa birliyinin davamıdır. “Mik” sözü “mak” sözünün fonetik variantıdır və bu sözün əsli ehtimal ki, “minq” şəklində olmuşdur.
      Dilin tarixi inkişafı ilə bağlı “manq” sözü bir neçə variantda işlənmişdir... Xalq adı bildirən “Manna” sözü “manqa” sözünün fonetik dəyişikliyə uğramış şəklidir. Ona görə də T.Hacıyev “manna” sözünün mənbələrdə göstərilən “minni” variantını “minqi” (minqe) şəklində görməyi doğru sayır və “Mingəçevir” adının “minki” və “savir” tayfa adlarının birləşməsindən yarandığını bildirir. Minkisavir-Minkicavir-Mingəçevir.
     Savirlər tarixən Qafqazda yaşamış və Azərbaycan xalqının soykökündə iştirak etmiş qədim türk tayfasıdır.
    Mingəçevir, Mingə, Mincivan, Muğan və Urmiyyə yer adları belə bir həqiqəti təsdiq edir ki, Azərbaycan xalqının etnik mənşəyi, adı, ötəri təsadüflər üzərində deyil, zəngin və çoxsaylı monolit doğma el qatları üzərində qurulmuşdur.

 

Keçidlər